AZ1001, Bakı, İstiqlaliyyət küçəsi, 8
Ali Attestasiya Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış, sonradan Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü il 6 yanvar tarixli Fərmanı ilə Ali Attestasiya Komissiyası Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin tərkibindən çıxarılaraq Azərbaycan Respublikası Prezidentinin tabeliyinə verilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası adlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) respublikada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elm, texnika, təhsil, mədəniyyət və incəsənətin bütün sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrinin, dosent və professor elmi adlarının verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.