ABŞ və Britaniyada bəzi startaplar ofislərdə küçə ayaqqabısını qadağan edir – “rahatlıq və yaradıcılıq naminə”

News

ABŞ və Britaniyada bəzi startaplar ofislərdə küçə ayaqqabısını qadağan edir – “rahatlıq və yaradıcılıq naminə”

Son vaxtlar bir sıra Amerika və Britaniya startapları iş yerlərində küçə ayaqqabısından istifadəyə məhdudiyyətlər qoymağa başlayıb. İndi əməkdaşlardan ofisə daxil olarkən ayaqqabılarını çıxarmaq və ya ev tərlikləri, corab geyinmək xahiş olunur. Hətta bəzi şirkətlər bunun üçün əməkdaşlarının xərclərini qarşılayır.

The Guardian yazır ki, bir neçə Britaniya şirkəti artıq belə “ayaqqabısız” siyasətə keçib. Məsələn, kosmetika brendi helloSKIN-in rəhbəri Natali Ceyms deyir: “Ofis onsuz da kifayət qədər gərgin mühitdir. Əgər ayaqqabısız işləmək sakitləşməyə və işlərə daha yaxşı fokuslanmağa kömək edirsə, buna dəyər.”

Bu yanaşmanı digər şirkət rəhbərləri də dəstəkləyir. Tao Climate-ın rəhbəri Qari Brains hesab edir ki, yeni qaydalar iş günlərini daha maraqlı edə bilər. Tech West Midlands şirkətinin rəhbəri Endi Heyq isə vurğulayır ki, bu addım xüsusilə neyroçeşidli əməkdaşlar üçün faydalıdır, çünki bəzi insanlar uzun müddət ayaqqabı geyinməkdə çətinlik çəkir.

Oxşar təcrübə ABŞ-da da yayılmağa başlayıb. “Ayaqqabısız” siyasəti tətbiq edən şirkətlər arasında Cursor, Speak, Lovable, Notion, GustoreMarkable da var. Onların bir qismi əməkdaşlarına tərlik və corab xərclərini ödəyir, bəziləri isə ofis girişində bu vasitələri təqdim edir.

Business Insider qeyd edir ki, trendin kökləri əsasən şirkətlərin və onların təsisçilərinin mədəni vərdişlərindən qaynaqlanır. Məsələn, Speak startapı əvvəlcə Cənubi Koreyada yaranıb. Bu ölkədə evə daxil olarkən küçə ayaqqabısını çıxarmaq adətdir. ABŞ-da da bu vərdişi təxminən əhalinin 63%-i bölüşür.

Digər bir səbəb isə Covid-19 pandemiyasıdır. Uzaqdan işləməyə öyrəşən mütəxəssislər o dövrdə ayaqqabısız işləyir və bu rahatlığı indi ofis mühitinə daşıyırlar.


Telegram kanalımız