Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumlarda vakant vəzifələrin tutulması haqqında MÜSABİQƏ ELANI
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan aşağıdakı qurumlarda vakant vəzifələrin tutulması haqqında müsabiqə elan edir:
- Sosial Xidmətlər Agentliyi
- Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
- Dövlət Məşğulluq Agentliyi
- Dövlət Sosial Müdafiə Fondu
- DOST Agentliyi
- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
- DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
- DOST Infrastruktur Mərkəzi
- Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
Müsabiqədə iştirak etmək istəyən şəxslər 26.12.2025 – 09.01.2026-cı il tarixlərində bu keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqədə elana çıxarılmış vəzifənin tutulması şərtlərinə uyğun gələn Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.
Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
Test imtahanı aşağıdakı bloklar üzrə 50 qapalı test tapşırıǧından ibarətdir.
- qanunvericilik bilikləri üzrə – 25 test tapşırıǧı;
- məntiqi düşünmə qabiliyyəti üzrə – 15 test tapşırıǧı;
- ümumi dünyagörüşü üzrə – 10 test tapşırıǧı.
Test imtahanı informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə xüsusi proqram təminatı vasitəsilə keçirilir.
Test imtahanında təqdim olunan sualların 70 faizini düzgün cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.
Müsahibə mərhələsində namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bununla yanaşı, müsahibədə namizədlərin vəzifənin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün müxtəlif qiymətləndirmə üsullarından (keys əsaslı, davranış əsaslı və kompetensiya əsaslı müsahibələr) istifadə oluna bilər.
Müsabiqədə iştirak qaydası haqqında məlumat:
Müraciət Nazirliyin ƏMAS-da yaradılmış “İşə qəbul” altsistemi (bundan sonra – Sistem) vasitəsilə həyata keçirilir.
Müraciət edən şəxsin iddia etdiyi vəzifənin tələblərinə uyğunluğu yoxlanılır və onun müsabiqədə iştirakına razılıq verilməsi haqqında məlumat Sistem vasitəsilə ona təqdim edilir.
Müsabiqədə iştirakı qeydə alınmayan şəxslərə bu barədə Sistem vasitəsilə bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra o, imtahanda iştirak etmək üçün qeydə alınır.
Namizədə test imtahanının keçirilmə vaxtı və yeri haqqında məlumat Sistem vasitəsilə təqdim edilir. Bu namizədlər Sistem vasitəsilə test imtahanında iştirak edəcəyini və ya iştirakdan imtina etdiklərini bildirməlidirlər. Test imtahanında iştirak etmək üçün namizəd Sistemdə yerləşdirilmiş “Buraxılış vərəqəsi” və şəxsiyyətini təsdiq edən sənədlə imtahan yerinə müəyyən edilmiş vaxtda yaxınlaşmalıdır.
Test imtahanında iştirak etmiş və keçid balını toplamış namizədin imtahan nəticələri 1 il müddətində qüvvədə olur. Namizəd həmin müddətdə imtahanında iştirak etdiyi sahə (blok) üzrə tələblərinə uyğun gəldiyi vakant vəzifələrin tutulması üçün elan edilmiş növbəti müsabiqələrin müsahibə mərhələsində iştirak edə bilər.
Test imtahanında müvəffəqiyyət qazanmış şəxslər müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ əldə edirlər. Namizədlərə müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumat Sistem vasitəsilə təqdim edilir. Bu namizədlər Sistem vasitəsilə müsahibədə iştirak edəcəklərini və ya iştirakdan imtina etdiklərini bildirməlidirlər.
Aşağıdakı şəxslər (müvafiq təsdiqedici sənədlər Sistem vasitəsilə təqdim edildiyi təqdirdə) birbaşa müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər:
- vakant vəzifənin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olanlar;
- dövlət orqanlarında inzibati vəzifədə (o cümlədən kiçik rəis heyəti və sıravi heyət vəzifələri istisna olmaqla xüsusi, hərbi və diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə) qulluq keçən dövlət qulluqçuları, habelə həmin vəzifələrdə çalışmış və azı 5 il qulluq stajı (xidmət illəri) olanlar;
- elan edilmiş vakant vəzifəyə uyğun vəzifə üzrə dövlət qulluğuna qəbul müsahibəsində iştirak edərək ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər;
- mühasib vəzifəsinə iddia edən və qanunvericiliklə müəyyən edilmiş qaydada Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının I, II səviyyələri üzrə qüvvədə olan peşəkar mühasib sertifikatına malik olan şəxslər;
- tibb yönümlü vəzifələrə iddia edən və qanunvericiliklə müəyyən edilmiş qaydada tibb mütəxəssislərinin sertifikasiya imtahanından keçərək qüvvədə olan sertifikasiya şəhadətnaməsinə sahib olan şəxslər;
- “Yüksəliş” müsabiqəsinin finalçıları;
- “Gənc DOST” altproqramı üzrə könüllülük fəaliyyətini bitirmiş və “A” kateqoriyalı sertifikat almış şəxslər.
Namizədin vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməməsi, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlışlığa yol verilməsi faktı aşkar edildiyi halda, namizədin müsabiqədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.
DİQQƏT!!!
- Elan edilmiş müsabiqədə hər bir şəxsin yalnız 1 (bir) vəzifə üzrə qeydiyyatdan keçilməsinə icazə verilir. Buna görə müraciətçilərə bütün vakant vəzifələrin tutulması tələbləri və digər şərtləri ilə ətraflı tanış olaraq məqsədyönlü seçim etmələri tövsiyə olunur.
- Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyatla bağlı yaranmış suallarla Nazirliyin 142 Çağrı Mərkəzinə (31 dekabr 2025-ci il – 04 yanvar 2026-cı il tarixləri istisna olmaqla (bayram və istirahət günləri olduğundan)) müraciət edə bilərlər.
Qeydiyyat üçün keçid linki: https://lnkd.in/eZaNvPQy...









