Azərbaycanda əcnəbi işçilərin sayı son 5 ilin minimumuna düşüb
2026-cı ilin birinci rübünün sonuna Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış qüvvədə olan iş icazələrinə malik əcnəbilərin sayı 1 775 nəfər olmaqla son 5 ilin minimumuna düşüb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 292 nəfər və ya 14.1% azdır.
Bu ötən ilin eyni dövründə ölkənin əmək bazarında 2 067 nəfər əcnəbi vardı. 2023-cü ilin ilk rübünün sonunda isə 2 813 nəfərə qalxmışdı.
İş icazəsi alanların 29.4%-i tikinti sahəsində çalışıb. Bu göstərici ötən ilin eyni dövründə 41.5% olmuşdu. Emal sənayesinin payı 10.8% təşkil edib ki, bu da illik müqayisədə demək olar dəyişməyib.
Mədənçıxarma sənayesində çalışanların payı 9.6%-ə yüksəlib. 2025-ci ilin I rübünün sonunda bu göstərici 7.6% idi. Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin payı isə 8.2% olub.
Bundan başqa, iş icazəsinə malik əcnəbilərin 6.0%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 5.7%-i isə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində fəaliyyət göstərib. Digər sahələrin payı 30.3% təşkil edib.








