
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələri bəlli olub.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri təhlil olunub, müsahibə mərhələsindən uğurla keçən 43 namizəd müvafiq vəzifə üzrə təyinat alıb.
Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsində 82 namizəd iştirak edib. Müsahibə zamanı namizədlərin vəzifə üzrə praktik bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq proses tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçirilir.