Bakı Dövlət Sirki bağlanıb: “Maaşlarımızı kəsiblər”
Belə bir şikayətlə Oxu.Az-a sirkdə çalışan əməkdaşlar müraciət ediblər.
Qeyd olunub ki, yanvar ayından sirkin bağlanması səbəbdən əməkdaşların maaşları kəsilib.
“Keçən ay 240 manat maaş almışıq. Bizə deyirlər ki, sirk bağlanıb. Əvvəl təmirdən sonra açılacağını demişdilər, amma hazırda heç bir təmir işi aparılmır. Təmirin aparılıb-aparılmayacağı haqqında da dəqiq bir söz deyən yoxdur”, - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.
Nazirliyin Media və Kommunikasiya Şöbəsinin müdiri Aynur Kərimova Oxu.Az-ın sorğusuna cavab olaraq sirkin bağlandığını təsdiqləyib.
“Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçiriblər. Binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub.
Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Bu il yanvar ayının 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, - deyə A.Kərimova bildirib.
Əməkhaqqı məsələsinə gəlincə isə A.Kərimova bildirib ki, müvafiq qanunvericiliyə əsasən, Bakı Dövlət Sirkində boşdayanma vaxtı ərzində işçilərin əməkhaqlarının onların vəzifə maaşının üçdəikisi miqdarında ödənilməsi təmin edilib.
A.Kərimova onu da vurğulayıb ki, teatr və konsert müəssisələrinin təmir və bərpası dövlət tərəfindən diqqətdə saxlanılır, tamaşaçıların mədəni xidmətlərə əlçatanlığının təmin edilməsi üçün işlər görülür.
“Mədəniyyət müəssisələrində, xüsusilə kütləvi nümayiş məkanlarında tamaşaçıların təhlükəsizliyi isə ən vacib məsələdir. Mədəniyyət Nazirliyi teatr və konsert müəssisələrində tamaşaçıların rahatlığı və təhlükəsizliyi üçün risklər yarandığı halda müvafiq dövlət qurumları ilə birgə təxirəsalınmaz tədbirlər həyata keçirir”, - deyə o qeyd edib.
Xatırladaq ki, Bakı Dövlət Sirki 1967-ci ildən, SSRİ dövründə tikilən çox unikal memarlığa malik olan binada fəaliyyət göstərir.