AYİB Qafqaz üzrə yeni direktor təyin edib

News

AYİB Qafqaz üzrə yeni direktor təyin edib

Alkis Vryenios Drakinos Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə direktoru, regional rəhbəri təyin edilib.

Bank-dan daxil olmuş məlumatda bildirilir ki, o, vəzifəsinin icrasına 2023-cü il sentyabrın 1-dən başlayacaq və Tbilisidən çalışacaq.

Qeyd edilib ki, Drakinos AYİB-in müvafiq ölkə strategiyalarına uyğun olaraq, Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatını daha da inkişaf etdirmək üçün hökumət orqanları və bazar iştirakçıları ilə sıx əməkdaşlıq etməklə, investisiyalar, islahatlar üçün siyasət dialoqu və kiçik biznesin maliyyələşdirilməsi və məsləhət xidmətləri vasitəsilə özəl sektorun və əsas infrastrukturun inkişafına dəstək verməklə, Bankın bu üç ölkədəki əməliyyatlarına rəhbərlik edəcək.

Drakinos deyib: “Mən Qafqaza qayıtmaqdan məmnunam. Regiondakı təcrübəmə və AYİB-də əldə etdiyim təcrübəyə əsaslanaraq bu mandatı üzərimə götürməyi səbirsizliklə gözləyirəm. Qafqaz regionuna dəstək Bank üçün əsas prioritetdir. Regionun gələcək inkişafı və qlobal iqtisadiyyata inteqrasiyası üçün böyük potensialı var və mən bu iqtisadiyyatların uğurlarına nəzərə çarpacaq töhfə vermək üçün yerli AYİB komandaları ilə işləməkdə maraqlıyam”.

Yunanıstan vətəndaşı olan cənab Drakinos, Banka ilk dəfə 1993-cü ildə AYİB-in Yunanıstan üzrə İdarə Heyətinin direktorunun müşaviri kimi qoşulmuşdur. Daha sonra 1995-ci ildə Maliyyə Təşkilatları komandasına qoşulmuş və 1998-ci ildə Bankın İrəvanda yerləşən Ermənistandakı Nümayəndəliyinin rəhbəri olmuşdur. KPMG, Eurobank və Qara Dəniz Ticarət və İnkişaf Bankında 12 illik maliyyə məsləhətçiliyi və müxtəlif vəzifələrdə çalışdıqdan sonra o, 2012-ci ildə Türkmənistandakı Nümayəndəliyin rəhbəri kimi yenidən AYİB-ə qoşulmuşdur. 2015-ci ildə isə Bankın Afinada yerləşən Yunanıstan üzrə Nümayəndəliyinin direktor müavini vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin oktyabrında Özbəkistandakı Nümayəndəliyin rəhbəri vəzifəsinə təyin edilmiş və 3 milyard avrodan çox dəyəri olan 100-dən çox layihənin həyata keçirilməsinə dəstək olmuşdur.

Drakinos Afina Universitetini İqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə bitirmiş və Afinadakı Panteion Universitetində Regional İnkişaf üzrə Magistr dərəcəsi, ardınca isə Mançester Biznes Məktəbində MBA dərəcəsi almışdır. O, həmçinin London Biznes Məktəbinin Korporativ Maliyyə Proqramını bitirmişdir.

O, Bankın Kişinyovda yerləşən Moldova üzrə Nümayəndəliyinin rəhbəri təyin edilmiş Katarina Byorlin Hanseni əvəz edəcəkdir.

Bu günə qədər Bank Qafqazda maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 680 layihəyə 10 milyard avrodan çox sərmayə qoymuşdur. Bu investisiyaların böyük hissəsi özəl sektorun inkişafını dəstəkləməyə yönəldilmişdir.

Telegram kanalımız