Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib

News

Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib

Avqustun 29-da məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir.

Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 5 min 508 nəfər namizədin iştirakı planlaşdırılan müsabiqə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingeçevir şəhərləri və Salyan rayonu olmaqla, ümumilikdə 9 imtahan mərkəzində təşkil olunub.

Test imtahanlarında hər namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri 1 bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən, məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı -0,25 bal şəklində hesablanaraq, namizədin imtahan nəticəsinə təsir göstərəcək.

Nəzərinizə çatdırırıq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.

Telegram kanalımız