Mikronövbələr nədir və niyə bu iş rejimi hamı üçün uyğun deyil
Mikronövbələr nədir
Mikronövbələr elə bir iş rejimidir ki, insan əmək vəzifələrini fasiləsiz səkkiz saat ərzində yerinə yetirmir. Bunun əvəzinə gün 45–90 dəqiqəlik hissələrə bölünür və iş şəxsi işlərlə növbələnir.
ABŞ-da aparılan bir araşdırma göstərib ki, işçilərin təxminən 65%-i mikronövbələrlə maraqlanır. Üstəlik, bu formata maraq xüsusilə menecerlər, əlavə qazancı olan əməkdaşlar və qayğısına qalmalı olduqları yaxınları olan insanlar arasında daha yüksəkdir. Azərbaycanda isə internet sorğularının iştirakçılarının 22%-i belə iş formatını sınamaq istədiyini bildirib.
Mikronövbələr o demək deyil ki, insan daha az işləyir. Sadəcə onun iş günü hissələrə bölünür.
Mikronövbələr pandemiya dövründə aktuallaşdı. Onsuz da evdən işləyən insanlar qəfildən evdəkilərin də onlarla birlikdə qapalı qaldığını və diqqət tələb etdiyini gördülər. Uzaqdan işə yeni keçənlər isə anladılar ki, bu format yükü azaltmır, əksinə, bəzən ofisdəkindən də çox işləməli olurlar. Mikronövbələr heç olmasa həm işə, həm də şəxsi həyata çatmağa cəhd etmək imkanı verirdi.
Evdən çıxış məhdudiyyətləri aradan qalxdıqdan sonra da bu rejimin üstünlüyü itib-batmadı. Məsələn, insan bir az tez durub işləyə, sonra uşaqları məktəbə və bağçaya aparıb qayıdıb yenə işləyə, sonra poçta gedib, yenə işləyib, sonra uşaqları götürüb, axşam yenidən işləyə bilər.
Mikronövbələrin üstünlükləri və çatışmazlıqları nələrdir
Üstünlüklər bunlardır:
• Qrafikin çevikliyi. Məsələn, diş həkiminə getmək üçün ayrıca icazə almağa ehtiyac qalmır, sadəcə günün içində işləri yenidən bölüşdürmək olur.
• Beynin ən məhsuldar saatlarında işləmək imkanı. Əgər bilirsinizsə ki, yeməkdən sonra ümumiyyətlə düşünə bilmirsiniz, həmin vaxta intellektual iş tələb etməyən başqa məşğuliyyət planlaşdıra bilərsiniz.
• Diqqəti daha yaxşı toplamaq. Çox az insan bütün gün eyni səviyyədə fokuslana bilir. Yorulanda ən sadə iş belə daha çox vaxt aparır. Bəzi insanlar üçün tapşırıqları hissə-hissə görmək daha rahat ola bilər. Məsələn, özünü “elə indi cəmi bir saat yarım işləyəcəm” deyə motivasiya etmək asanlaşır. Amma bu, hamı üçün keçərli üstünlük deyil.
Mikronövbələrin mənfi tərəfləri də var. Daha dəqiq desək, əsasən bir ciddi mənfi tərəfi var: iş gününün sərhədlərinin itməsi. Bəzi xoşbəxt insanlar üçün mikronövbələr həqiqətən hər şeyə çatmaq, işlə istirahəti növbələmək və rahat yaşamaq imkanı kimi görünəcək. Amma başqaları üçün bu, bitib-tükənməyən bir iş gününə çevrilə bilər.
Tapşırıqların sonu olmur. Əgər insan adi iş qrafikində də asanlıqla özünü çox yükləyirsə, işə aludə olub özündən maksimum çıxarmağa çalışırsa, mikronövbələrdə daha çox işləmək, daha çox yorulmaq və daha tez tükənmək riski daşıyır.
Mikronövbələr kimlərə uyğundur
Onsuz da sutka boyu işləyənlərə
Bir tərəfdən mikronövbələr işi bütün günə yayır. Digər tərəfdən isə bu işlərə müəyyən çərçivə qoymağa kömək edir ki, başqa fəaliyyətlər üçün də vaxt qalsın.
Təsəvvür edin, bir insan səhər saat 07:00-da oyanır və dərhal iş e-poçtunu yoxlayır — sadəcə içindən belə gəlir. Sonra dişini fırçalayır və vacib sənədləri oxuyur. Saat 09:00-da iş gününün başlandığını düşünüb noutbukunu açır. Axşama idman zalına getmək, dostlarla görüşmək üçün hər şeyi tez bitirməyə çalışır. Amma iş bitmir, üstəlik axşam başqa saat qurşağında olan həmkarlarla zəng də var. Və əlbəttə, heç kim heç bir dostla görüşə bilmir.
İndi isə təsəvvür edin ki, həmin adam səhər məktublara cavab verib, sənədlərə baxıb və saat 09:00-da idman zalına gedib. Bir saatdan sonra qayıdıb işləyib, sonra dostu ilə nahara çıxıb. Sonra yenə işləyib, ev işlərini görüb. Axşam həmkarı ilə danışıb — bu artıq şəxsi kapriz yox, iş zərurətidir. Nəticədə o yenə bütün gün işləyib, amma heç olmasa başqa işlərə də çatıb.
Yaxınlarına görə məsuliyyət daşıyanlara
Qayğısına qalmalı olduğu biri olan insanın çox vaxt seçimi olmur. Uşaqlar, yaşlı qohumlar, xəstə yaxınlar iş gününün nə vaxt bitdiyinə baxmadan diqqət istəyir. Deməli, ya işlə qayğı arasında bölünməlisən, ya da işdən çıxmalısan. Mikronövbələr şəxsi və peşəkar öhdəliklər arasında balans yaratmağa imkan verir.
Bioloji ritmi iş günü ilə uyğun gəlməyənlərə
Gecə fəal olanlar da var, səhər enerjili olanlar da, gün ərzində dalğavari şəkildə enerjisi artıb-azalanlar da. Əgər mikronövbələr insanın ən aktiv saatlarında işləməsinə, zəiflədiyi vaxt isə dincəlməsinə şərait yaradırsa, bu rejim onun üçün yaxşı seçim ola bilər.
Yaradıcılıqla məşğul olanlara
Kreativ sahədə çalışan insanlar yaxşı bilirlər ki, bəzən bir ideyanın üstündə saatlarla nəticəsiz düşünmək olur, bəzən də öz işinlə məşğul ola-ola birdən həqiqətən yaxşı bir fikir gəlir. Çünki beyin işləməyi dayandırmır, sadəcə düşünmə prosesi daha cansıxıcı olmur. Fasilələr əlavə informasiya, ilham və ya mövzuya qeyri-adi baxış bucağı gətirə bilər.
Mikronövbələr hansı hallarda uyğun deyil
İş fasiləsiz proses tələb edirsə
Bu, müxtəlif sahələrdə geniş peşə qrupuna aiddir. Məsələn, zavodda konveyer işçisi istədiyi vaxt çıxıb uşağını bağçadan götürə bilməz. Təcili yardım həkimi də növbənin ortasında idman zalına qaça bilməz.
İş digər insanların işinə təsir edirsə
Bəlkə insanın özünün daimi olaraq iş yerində olmasına ehtiyac yoxdur. Amma onun əməyinin nəticəsi gecəyarısı yox, iş saatlarında hazır olmalıdır ki, həmkarlar da dedlayna əməl edə bilsinlər. Yaxud iş çoxlu zəng və iclas tələb edir, digərləri isə qeyri-iş saatlarında ünsiyyətə hazır olmur. Belə hallarda standart iş qrafikinə riayət etmək lazımdır.
Rəhbər mikromenecment edirsə
Rəhbərin iş tərzi mikronövbələrin işçilərə uyğun olub-olmayacağını böyük ölçüdə müəyyən edir. Əgər rəhbər üçün nəticədən daha vacib olan əməkdaşların kompüter arxasında oturmasıdırsa, fasilələrdən söhbət gedə bilməz.
Problemlər o zaman da yaranır ki, rəhbər formal olaraq mikronövbələrə icazə verir, amma əslində hər saatı nəzarətdə saxlamağa çalışır. Belə vəziyyətdə daha rahat olanı səkkiz saatı ardıcıl işləyib çıxmaqdır.
İnsan öz işinə nifrət edirsə
Yaxud sadəcə işi çox da sevmirsə. Bu halda işi birdəfəlik görüb rahat olmaq daha asandır. Əks halda, “yenə işləməliyəm” hissini gün ərzində bir yox, bir neçə dəfə yaşamalı olacaqsan.
İnsan işə gec köklənirsə
Bəzi insanlar tapşırıqlar arasında tez keçid edir, bəzilərinin isə işə başlamazdan əvvəl oturub düşünməyə ehtiyacı olur. Bu nə yaxşıdır, nə də pis — sadəcə tapşırığa yanaşma tərzləri fərqlidir. Ümumi sərf olunan vaxt sonda eyni də ola bilər.
Amma mikronövbələr daha çox birinci qrupa uyğundur. Çünki onlar yeni işə tez qoşula, sonra da rahat şəkildə başqa işə keçə bilirlər. İkinci qrup üçün isə hazırlıq mərhələsi çox vaxt aparır və bunu gün ərzində bir neçə dəfə etmək mümkün olmur.








