
Çoxnövbəli iş rejimində növbələrin müəyyən olunması – Nümunəli
Bəzi müəssisə və təşkilatlar
məşğul olduqları fəailyyət sahəsinə görə gecə
və axşam vaxtı da fəaliyyət göstərirlər. Əlbəttə
ki, bu idarə və təşkilatlarda çalışan işçinin alacağı
əmək haqqı gündüz vaxtı çalışan işçinin alacağı əmək
haqqı məbləğindən artıq olmalıdır və bu Nazirlər
Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.
Bu yazıda gecə və axşam
növbəsində əmək haqqının hesablanması qaydası haqqında deyil, ən çox sual
olunan məqamlardan biri – çoxnövbəli iş zamanı növbələrin müəyyən olunması ilə
bağlı məsələyə aydınlıq gətirəcəm.
Gəlin nümunə ilə məsələyə aydınlıq gətirək.
Nümunə 1. Fərz
edək ki, müəssisədə üç növbəli iş rejimi təşkil edilmiş və növbələr üzrə iş
vaxtları aşağıdakı kimidir:
1. 08:00-dan 16:00-dək
2. 16:00-dan 12:00-dək
3. 12:00-dan 08:00-dək
Nümunəyə uyğun olaraq növbələri müəyyənləşdirməzdən
öncə qeyd edim ki, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş
rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi Nazirlər
Kabinetinin 5 aprel 2001-ci il tarixli 74 nömrəli qərarı ilə müəyyən
edilmişdir. Qərarda, çoxnövbəli iş anlayışından istifadə edilsə də, bu
anlayışın izahı verilməmişdir. Buna görə də, çoxnövbəli iş rejimində növbələrin
müəyyən olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
29 iyul 2001-ci il tarixli 9-1 nömrəli izahatında çoxnövbəli iş rejimi və
növbələrin müəyyən olunması öz əksini tapmışdır.
İzahatın 4-cü bəndinə əsasən, çoxnövbəli iş rejimi
deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən
asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda (fasiləsiz iş axını olan
istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş,
növbə müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə
uyğun olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8
saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda işçilərin iş rejimi növbə
cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər
bölüşdürülür.
Onu da qeyd edim ki, iş vaxtının ən azı yarısı gecə
vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə
növbəsi hesab edilir. İş növbəsinin başlanma və qurtarma saatlarından asılı
olmayaraq gecə növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edilir.
İndi isə, verilən izahatlara əsasən nümunəyə uyğun
şəkildə növbələri müəyyənləşdirək:
3-cü növbədə iş saatlarının yarısından çoxu (00:00-dan
06:00-dək 6 saat) gecə vaxtına təsadüf etdiyi üçün 3-cü növbə gecə növbəsi, iş
növbəsinin başlanma və qurtarma saatlarından asılı olmayaraq gecə
növbəsindən əvvəlki iş növbəsi axşam növbəsi hesab edildiyi üçün 2-ci
növbə axşam növbəsi, 1-ci növbə isə gündüz növbəsi hesab ediləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
izahatının 6-cı bəndinə əsasən, qanunvericiliyin tələblərinə uyğun
olaraq təşkil olunan digər iş rejimləri (iş gününün hissələrə bölünməsi
və s.) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər.
Belə iş rejimlərində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının
hər saatına görə ödənilən haqqla çoxnövbəli iş rejimində çalışan işçilərə
ödənilən haqq fərqlidir.
Nümunə 2.
Müəssisənin fəaliyyət sahəsinə uyğun olaraq iş saatları 16:00
-dan 24:00-dəkdir. İşinin tarif maaşı 600 manatdır. Əmək haqqının hesablanmasına
nəzər yetirək.
Göründüyü kimi bu çoxnövbəli iş hesab edilmir.
Yalnız bir növbə var. İzahata görə belə hallarda, bu iş rejimi ilə çalışan
işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq
tarif (vəzifə) maaşının 20 faizi həddində əlavə haqq verilir.
Aprel ayında 22 iş günü olduğunu nəzərə alsaq,
bir iş saatına düşən əmək haqqı aşağıdakı kimi olacaq:
22 iş günü * 8 saat = 176 saat
600 Azn / 176 saat = 3.40 Azn
İşçinin iş saatlarından 2 saatı gecə vaxtına
təsadüf edir (saat 22:00-dan 24:00-dək)
Normal iş saatlarına görə əmək haqqı: 6 saat *
3.40 Azn * 22 iş günü = 448.8 Azn
İş vaxtının gecə vaxtına düşən hissəsinə görə
əmək haqqı: 2 saat * (3.40 Azn + 20 %) * 22 iş günü = 179.52 Azn
Ay ərzində işçiyə cəmi 628.32 Azn məbləğində
əmək haqqı hesablanacaqdır.
Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə
əmək haqqının ödənilməsi zamanı işçinin saatlıq tarif (vəzifə)
maaşını tapmaq üçün onun aylıq tarif (vəzifə) maaşını ödəniş aparılan
ayın iş vaxtı normasına bölmək lazımdır.
Nümunə 3.
Fərz edək ki, müəssisə istehsalat sahəsində fəaliyyət göstərir. Və
ya xidmət sahəsində otelçilik fəaliyyəti ilə məşğuldur. Hər iki halda
müəssisə 24 saat fəaliyyət göstərir. Bu zaman müəssisədə 3 növbəli
iş rejimi tətbiq olunur və fərz edək ki, növbələr aşağıdakı şəkildə müəyyən
olunmuşdur:
Birinci növbə – 09:00-dan 17:00-a kimi – gündüz
növbəsi
İkinci növbə 17:00-dan 01:00-a kimi – axşam növbəsi
(gecə növbəsindən əvvəlki iş növbəsi olduğu üçün axşam növbəsi)
Üçüncü növbə 01:00-dan 09:00-a kimi – gecə növbəsi
(iş vaxtının əz azı yarısı gecə vaxtına 22:00-dan 06:00-dək düşdüyü
üçün gecə növbəsi)
Yuxarıdan da göründüyü kimi, birinci növbə
gündüz növbəsidir və bu zaman əmək haqqı adi qaydada hesablanacaq.
İki və üçüncü növbə isə axşam və gecə növbəsi olduğu üçün əmək haqqına
əlavələr olacaqdır. Çoxnövbəli iş zamanı növbələrə görə əmək haqqının
hesablanması ilə izahlı şəkildə Əmək qanunvericiliyinin praktiki izahının
2022-ci il nəşrində tanış ola bilərsiniz.
Müəllif: Nüsrət Xəlilov, İnsan resursları üzrə ekspert