
Əmək haqqı natura şəklində verilə bilər? Nümunələrlə
İlk öncə qeyd edək ki, qanunvericiliyə görə əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Əmək haqqında natura formasında ödənilməsi ilə bağlı, Əmək Məcəlləsinin 174-cü maddəsinin 3-cü bəndində belə qeyd edilir:
İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin alkoqollu içkilər, 18 yaşına çatmamış işçilərə energetik içkilər, habelə, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
Əmək haqqının natura şəklində verilməsi zamanı əsas üç məqama diqqət etmək lazımdır. Birincisi, natura şəklində əmək haqqı ilə bağlı maksimal limitin 20 faiz olması, ikincisi natura şəklində verilən əmək haqqının istehlak malları və digər məişətdə istifadə edilən gündəlik tələbat malları olması, üçüncüsü isə alkoqollu işçikilər istisna edilməklə verilə bilməsidir.
Nümunə 47. Müəssisə, qida sahəsində bir neçə çeşiddə istehlak mallarının istehsalı ilə məşğuldur. Müəssisənin işçisi razılığı ilə əmək haqqının 20 faizə qədərini natura formasında əldə edə bilər. İşçinin əmək haqqının 800 manat olmasını fərz etsək, işəgötürən əmək haqqının 160 manata qədər hissəsini natura formasında, 640 manatını isə pul şəklində köçürməlidir.
Nümunə 48. Əgər işçi alkoqollu içkilər istehsalı müəssisəsində çalışırsa, ona əmək haqqı natura şəklində verilə bilməz. Çünki, müəssisənin istehsal etdiyi məhsullar istehlak malları olsa da, alkoqollu içkilərdir.
Nüsrət Xəlilov