İşləmək istəmədiyiniz günlər üçün 10 səmərəli ideya

News

İşləmək istəmədiyiniz günlər üçün 10 səmərəli ideya

Adətən işə həvəslə getsəniz də, yəqin ki, elə günləriniz olub ki, iş əsl əzaba çevrilib. Bunun səbəbi yorğunluq, həddindən artıq yüklənmə, darıxma, stres və ya yanma sindromu ola bilər. Amma necə olursa-olsun, bu hər kəsin qarşılaşa biləcəyi haldır. Belə günlərdə vaxtı boşuna itirməkdənsə, vəziyyəti anlamaq və çıxış yolu tapmaq daha yaxşıdır.


1. Niyə işləmək istəmədiyinizi düşünün

Bu hal sizdə hər gün olur, yoxsa yalnız bu gün? Səbəb nə ola bilər: yığılan stres, konkret bir iş tapşırığı, ümumi mühit, şəxsi problemlər? Əsl səbəbi tapmaq, vəziyyəti düzəltmək üçün doğru addım olacaq.

Ən çox rast gəlinən izahlar bunlardır:

  • Yuxusuzluq. Yaxşı yatmadığınız halda, heç bir işə motivasiya tapmaq çətinləşir. Yuxu çatışmazlığı diqqəti toplamağı, yaddaşı və qərarvermə bacarıqlarını da zəiflədir.

  • İşdən yorğunluq. Bu həm fiziki yorğunluq, həm də emosional tükənmə ola bilər. Hər ikisi də yanma sindromunun əlamətidir.

  • Stres. Qısamüddətli stres bəzən məhsuldarlığı artırır, amma uzunmüddətli stres daim zərər vurur.

  • İşdən zövq almamaq. Sevmədiyiniz iş sizi hər səhər yataqdan qalxmaqda çətinlik çəkdirir.

  • İş yerində problemlər. Rəhbərin qeyri-real gözləntiləri, həmkarlarla münaqişələr və ya fərqli iş üslubu buna səbəb ola bilər.

  • Korparativ mədəniyyətin uyğunsuzluğu. Ədalətsizlik, qeyri-etik davranış və ya diskriminasiya işə həvəsi azaldır.

  • Darıxmaq. Vaxtaşırı darıxmaq normaldır, amma bu vəziyyət müntəzəm hal alıbsa, bəlkə də iş sizin üçün uyğun deyil.


2. Hərəkət edin

Əgər darıxırsınızsa və ya tənbəllik hissi sizi bürüyübsə, qalxın və hərəkət edin. Qısa qaçış, sürətli gəzinti və ya sadə idman məşqləri dərhal enerjinizi artıracaq.


3. İş yerinizi dəyişin

Mümkünsə, iş mühitinizi dəyişin. Ofisdə başqa masa, evdə başqa otaq və ya yaxınlıqdakı kafe belə yeni nəfəs kimi təsir edə bilər.


4. Sadə işlərdən başlayın

Məsələn, elektron poçtu yoxlayın, məktublara cavab verin, görüşləri planlaşdırın. Daha sonra tədricən çətin tapşırıqlara keçin.


5. Qısa fasilələr edin

Uzun nahar əvəzinə, gün ərzində hər saat 5–10 dəqiqəlik fasilələr edin: ayağa qalxın, gözlərinizi dincəldin, azca hərəkət edin.


6. Gün rejiminizi dəyişin

Daha tez yatın ki, səhər oyananda özünüzü gümrah hiss edəsiniz. Səhər yeməyini buraxmayın. Kiçik dəyişikliklər belə iş həvəsini artırır.


7. Məqsədlərə fokuslanın və özünüzü mükafatlandırın

Niyə işlədiyinizi xatırlayın: ailənizi təmin etmək, maşın almaq və ya istədiyiniz həyat tərzinə çatmaq üçün. Hər uğurunuzu qeyd edin və kiçik mükafatlarla özünüzü motivasiya edin. Bu sadə qəhvə, film izləmək və ya isti vanna ola bilər.


8. İş problemlərinə həll tapın

Əgər səbəb həmkarlarla və ya iş mühiti ilə bağlıdırsa, rəhbərlə danışın, başqa vəzifəyə keçidi düşünün və ya tamamilə işinizi dəyişin.


9. Məzuniyyət planlaşdırın

İstirahət güc toplamaq üçün ən yaxşı üsuldur. İndi məzuniyyət ala bilməsəniz də, gələcək üçün plan qurmaq motivasiya verə bilər.


10. Həkimə müraciət edin

Əgər özünüzü pis hiss edirsinizsə, bəlkə də sağlamlıq müayinəsi lazımdır. Yorğunluq və halsızlıq gizli xəstəliklərin əlaməti ola bilər. Həm də psixoloji durumunuza diqqət edin: emosional yüklənmə ilə bacarmırsınızsa, psixoloqa müraciət edin.

Bu sadə addımlar iş gününüzü daha yüngül edə və motivasiyanızı geri qaytara bilər.


Telegram kanalımız