Yeni işdə daha tez uyğunlaşmağın yolları

News

Yeni işdə daha tez uyğunlaşmağın yolları

Yeni iş yeri həmişə bir qədər streslidir. Ətrafda hər şey yad görünür, üstəlik, sınaq müddətini uğurla keçmək üçün özünüzü yaxşı tərəfdən göstərməlisiniz. Amma bəzi məsləhətlər bu prosesi asanlaşdıra bilər.

Əməkdaşlarla əlaqə qurun

Əgər şirkətdə 10 nəfər yox, daha çox işçi çalışırsa, hamı ilə birdən tanış olmaq, təbii ki, mümkün deyil. Amma ən azı gündəlik işlərdə sıx ünsiyyətdə olacağınız həmkarlarla salamlaşmaq, tanış olmaq vacibdir. Bunu rəhbərin və ya HR mütəxəssisin köməyi ilə etmək olar, amma təşəbbüsü özünüz də göstərə bilərsiniz. Həm də həmin adamlar barədə kiçik qeydlər aparmaq faydalıdır.

Bu, həm anlaşılmazlıqları azaldır, həm də kollektivdə özünüzü daha tez tanıtdırmağa kömək edir. Əks halda, bir neçə həftə sonra kimin adını bilmədiyinizi və kim hansı işlə məşğul olduğunu anlamadığınızı görmək xoş təsir buraxmayacaq. Üstəlik, uzaqdan işləyən və ya başqa otaqlarda oturan həmkarlar üçün də sizin varlığınızı görmək önəmlidir.

Prosesləri müşahidə edin

Yeni gələnlər çox vaxt işə yararlı olduqlarını sübut etmək istəyirlər: müxtəlif təşəbbüslər irəli sürür, hər işə qoşulurlar. Amma sınaq müddəti sürətli sprint deyil, uzun məsafəli marafondur.

Unutmayın ki, bu iş sizin üçün yenidir, amma digərləri burada artıq təcrübə qazanıb. İlk baxışdan hansısa proses sizə səmərəsiz görünə bilər, amma bəlkə də əməkdaşlar bütün yolları sınayıb və ən işlək variantı seçiblər. Ona görə əvvəlcə müşahidəçi mövqedə qalmaq, sonra təklif vermək daha doğrudur.

Ümumi ab-havanı anlayın

Bu həm məhsuldarlıq, həm də şəxsi rahatlıq üçün vacibdir. Sınaq müddətində sizi yalnız işəgötürən yox, siz də şirkəti dəyərləndirirsiniz. Bəzən başqa seçim imkanları olmur və mövcud mühitə uyğunlaşmaq lazım gəlir.

“Ümumi vibe” — kollektivin ab-havasıdır. Burada hamı bir-birinə “siz” deyir, ya yox? Sosial şəbəkə memlərini anlayırlarmı? Açıq danışırlar, yoxsa yalnız qapalı qruplarda ünsiyyət qururlar? Bütün bunlar sizin işə necə tez uyğunlaşacağınıza təsir edir.

Rəylərə diqqətlə yanaşın

Stres fonunda hər bir rəy adətən olduğundan sərt qəbul olunur. Amma çox vaxt bu, sadəcə faydalı məsləhətin düzgün çatdırılmamasıdır. Əsas məğzi eşitmək vacibdir. Əgər mühit toksik deyilsə, iradlardan nəticə çıxarmaq yaxşıdır. Əks halda isə başqa şirkətə baxmaq olar.

Şübhəyə qapılmayın

Yeni kollektivdə “hamı məni sevmir” fikrinə qapılmaq asandır, amma çox vaxt əsassızdır. Bu düşüncə həm özünəinamı azaldır, həm də davranışınıza təsir edir.

Başqasının işini öz üzərinizə götürməyin

İlk vaxtlarda vəzifələrin sərhədləri tam aydın olmaya bilər. Amma əgər görürsünüzsə ki, sizə başqalarının xoşlamadığı işləri yükləməyə çalışırlar, buna yumşaq şəkildə “yox” deməyi bacarın. Əks halda, bu vəziyyətdən qurtulmaq daha çətin olar.

Məişət qaydalarını öyrənin

İlk günlərdə bəzən suallar verməkdən çəkinirlər: “birdən kimsə düşünər ki, işə diqqət ayırmıram”. Nəticədə günlərlə ac-susuz işləyənlər olur. Amma rahatlıq həm əhval-ruhiyyəyə, həm də iş keyfiyyətinə təsir göstərir. Ona görə ilk fürsətdə öyrənin: su hardadır, yaxın yeməkxana və ya mağaza haradadır, insanlar adətən necə nahar edir. Çünki aclıq və susuzluq məhsuldarlığı ciddi şəkildə azaldır.


Telegram kanalımız