Əcnəbilərin Azərbaycanda işə cəlb olunması və əmək hüquqları necə tənzimlənir? – AÇIQLAMA

News

Əcnəbilərin Azərbaycanda işə cəlb olunması və əmək hüquqları necə tənzimlənir? – AÇIQLAMA

Qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilər və bu hüquqlara müvafiq olan vəzifələr daşıyırlar.

Banker.az xəbər verir bu barədə məlumatı əmək qənunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edib.

O, bildirib ki, Əmək Məcəlləsinin 13-cü maddəsinə əsasən, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının vətəndaşlarına nisbətən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daha üstün hüquqların müəyyən edilməsi yolverilməzdir.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş formada işəgötürənlər Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə iş icazəsi almalıdırlar.

İş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə qanunla müəyyən edilmiş qaydada verilən icazədir.

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə alırlar. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir.

İş icazəsi blankının ciddi hesabat sənədi kimi qeydiyyat seriyası və nömrəsi, habelə qiymətli kağızların səviyyəsində qoruyucu nişanları olmalıdır. İş icazəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Miqrasiya Məcəlləsinin 61-ci maddəsinə əsasən, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul ola bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlənin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir.

Yuxarıda qeyd edilən maddənin tələbinə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul ola bilməsi uçün işəgötürənin tələb etdiyi peşə və ixtisasa malik olması ilə yanaşı, eyni boş iş yerinə Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi və işəgötürənlərin işçi qüvvəsinə ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından sonra mümkündür.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəailiyyəti ilə məşğul olmaları üçün müraciət işəgötürənlər tərəfindən edilməlidir. İşəgötürən işə cəlb etmək istədiyi hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə müraciət etməlidir. Hüquqi şəxslər, huquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda da ona iş icazəsinin alınması üçün müraciət edə bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq iş icazəsinin alınmasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəalıyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan kəsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə onlarla iş icazəsinin qüvvədə olduğu müddətə əmək müqaviləsi bağlamalıdırlar. İş icazəsi alınmadan əcnəbilərlə əmək müqaviləsinin bağlanmasına yol verilmir. Əgər əcnəbiyə verilmiş iş icazəsinin müddəti bir il müddətinədirsə, onunla maksimum həmin müddətə əmək müqaviləsi bağlanıla bilər.

İşə cəlb edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarının və ya şəxsiyyətlərini təsdiq edən digər sənədlərinin hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən götürülərək saxlanılması qadağandır.

İş icazəsinin alınması tələb olunmayan hallar

Qanunda müəyyənləşdirilən bəzi hallarda əcnəbiyə iş icazəsi almaq tələb edilmir. Miqrasiya Məcəlləsinin 64-cü maddəsinə əsasən, aşağıdakı hallarda iş icazəsinin alınması tələb edilmir:

– Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara;

– Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

– diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə;

– beynəlxalq təşkilatlarda işləyənlərə;

– beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;

– müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə;

– Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə;

– kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə;

– dənizçilərə;

– ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə;

– incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara;

– dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara;

– xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə;

– Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə;

– Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara; bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun,

– qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə;

– İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə;

– himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşlarına;

– müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə.

Misal: Türkiyə Respublikasının vətəndaşı Azərbaycan Respublikasının vətəndaşı ilə nikahdadır. Ona Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi tələb olunurmu?

Əgər həmin vətəndaş rəsmi nikaha daxil olmuş və yaşayış yeri üzrə qeydiyyata düşmüşdürsə ona iş icazəsi tələb edilməyəcək.

İş icazəsinin verilməsindən imtinanın əsasları

Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir:

– nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

– təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;

– işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;

– işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;

– əmək miqrasiyası kvotası dolduqda;

– əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;

– əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.

İş icazəsinin müddəti və həmin müddətin uzadılması

İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərtilə uzadıla bilər.

İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir.

İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

– nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket;

– əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

– nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayart şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;

– əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti/orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

Telegram kanalımız