İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?

News

İşəgötürən işçi barədə mənfi xasiyyətnamə verə bilərmi?

Qanun bu haqda nə deyir? İşəgötürən öz işçisi barədə mənfi xasiyyətnamə verə bilərmi?

İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və İŞÇİNİN RAZILIĞI ilə göndərə bilər.

İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə ONU TANIŞ ETMƏDƏN işəgötürən tərəfindən başqa yerə göndərilməsi YOLVERİLMƏZDİR. İstisna müsbət xasiyyətnamə təşkil edir. Lakin müsbət xasiyyətnamənin göndərilməsi halında belə, işəgötürən həmin sənədin hara göndərildiyi barədə işçiyə, yəni Sizə məlumat verməlidir.

Bəzən də elə olur ki, təzə iş yerindən xasiyyətnamə tələb edilir. Keçmiş müdiriniz ilə xoş ayrılsanız belə, xasiyyətnamənin alınmasında çətinlik çəkirsiniz. Burada mütləq qeyd etməliyik ki, işəgötürən işçinin müraciəti əsasında ona onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə BORCLUDUR.

Bəzən keçmiş iş yerlərindən gələn mənfi rəylər həqiqətən də, işçilərin yeni perspektivlərini bağlaya bilər. Bu halda, bir işçi kimi hüquqlarınızı bilmək, ən əsası da onları vaxtında tətbiq etmək və işəgötürəninizə xatırlatmaq Sizi xoşagəlməz hadisələrdən qoruya bilər.

Vəkil Əkbərova Leyla Mikayıl qızı


Telegram kanalımız